Gündəm
İran İslam Respublikasının rəsmiləri uzun illər Azərbaycana qarşı sərt mövqedə olublar. İstər torpaqlarımız işğal altında olanda, istər müharibə dövründə, istərsə də sonrakı illərdə Azərbaycan dövlətimizə qarşı müəyyən təxribatlar törətməklə, müəyyən şantaj əməllərə yol verməklə həmişə imicimizə zərbə vurmağa çalışıblar. Onlar daimi olaraq təcavüzkar erməni faşistlərini dəstəkləməklə öz nifrətlərini açıq-aşkar nümayiş etdiriblər.
Lakin son dövrlərdə münasibətlərdə müəyyən istilik yaranmış və qonşu dövlətlə əlaqələrin saflaşdırılmasına təşəbbüslər göstərilib. Müharibə şəraitində Prezidentin İranın rəsmilərinə başsağlığı verməsi, İranda baş verən hadisələrin tezliklə başa çatmasını arzulaması və sülhün tərəfdarı olmasını qeyd etməklə bildirmək istəyirik ki, biz heç vaxt İranın məğlubiyyətinə, pis vəziyyətə düşməsinə tərəfdar olmamışıq. Həmişə qonşuluq, sülh və əmin-amanlıq münasibətləri yaratmağa çalışmışıq. Ancaq Naxçıvana dron zərbələri göstərir ki, bu gün də İran İslam Respublikasının rəsmiləri dövlətimizə qarşı düşmən mövqedədirlər və onlar özlərinin riyakar əməllərini davam etdirirlər. Əlbəttə ki, bu hadisə, Naxçıvana dron hücumları beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə yaddır. İki dövlət arasındakı münasibətlərə çox ciddi zərbədir və Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərpa edilməsinə əngəldir.
Bu, bilavasitə Azərbaycana hərbi təzyiq xarakteri daşıyır və güc nümayiş etdirmək anlamını ortaya qoyur. Hər bir Azərbaycan vətəndaşı İranın bu hərəkətlərini kəskin pisləyir və sözsüz ki, bu hərəkətlər cavabsız qala bilməz. Əgər lazımi münasibət bildirilməsə, faktlar və hücumlar haqqında ətraflı məlumat verilməsə, dövlətimiz tərəfindən adekvat tədbirlər həyata keçirilə bilər ki, bu da İran üçün yaxşı nəticələr verə bilməz. Çünki İran bu gün dünyada təcrid olunmuş bir dövlətdir, müharibəyə məruz qalıb, çox ciddi problemlər qarşısındadır. Azərbaycanla, qonşu dövlətlə münasibətləri kəskinləşdirmək ona heç cür fayda verə bilməz. İranın molla rejimi öz əməllərinin izahını verməli və tezliklə çirkin əməllərdən əl çəkilməlidir. Hər birimiz bu hərəkətləri kəskin pisləyir və bu hərəkətlərə yol verənlərə nifrətimizi ifadə edirik.
Qeyd edək ki, fevralın 28-dən etibarən ABŞ və İsrailin İrana hücumları bölgədə vəziyyəti kəskinləşdirib. İran tərəfi bu hücumlara İsrailə raketlər atmaqla cavab verib. Hadisələrin gedişində İranın dövlət televiziyası ali dini lider Ayətullah Xameneinin öz ofisində öldürüldüyü barədə məlumat yayıb. Bu xəbərlə əlaqədar ölkədə 40 günlük matəm və 7 günlük qeyri-iş günü elan edilib.
Gərginlik Azərbaycan sərhədlərinə də sıçrayıb. Martın 5-də günorta saatlarında İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları təşkil edilib. Hücum zamanı "Arash-2" tipli pilotsuz uçuş aparatlarından istifadə olunduğu bildirilir. PUA-lardan biri Naxçıvan Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.
Hava limanına düşən dron binaya ciddi zərər vurmaqla yanaşı iki mülki şəxsin xəsarət almasına səbəb olub. Hadisə yerində araşdırmalar aparılır və təhlükəsizlik tədbirləri gücləndirilib. Bölgədəki hərbi aktivlik və siyasi qeyri-müəyyənlik davam edir.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru



Rəy yazın