Reklam

Azərbaycan dialoq və əməkdaşlıq mərkəzinə çevrilib

Gündəm

 Ənənəvi olaraq hər il keçirilən Qlobal Bakı Forumu dünya ictimaiyyətini  narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən nüfuzlu beynəlxalq platformaya çevrilib. Diqqət yetirsək görərik ki, ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Buna əmin olmaq üçün təkcə tarixi Zəfərimizdən sonrakı dövrdə keçirilən forumların mövzularına diqqət yetirmək kifayətdir. Belə ki, 2021-ci ildə “COVID-19-dan sonrakı dünya” mövzusunda dünyanın 40-dan çox ölkəsindən 300-ə yaxın qonağı canlı və onlayn qaydada bir araya gətirən VIII Qlobal Bakı Forumundan ötən dövrün çağırışları bu mötəbər tədbirlərin mövzularında özünün aydın  ifadəsini tapır. “Qlobal dünya nizamına təhdidlər”, “Çağırışlar və ümidlər”, “Parçalaanmış dünyanın bərpası”, “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”, bu gün isə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”. Göründüyü kimi, beynəlxalq gündəlikdə duran əsas məsələlər birgə yolların müəyyənləşdirilməsinə, səylərin birləşdirilməsinə çağırışlar edir.

Dövlət başçısı İlham Əliyev martin 12-də öz işinə başlayan XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında deyib ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi bu gün aparıcı beynəlxalq təsisatlardan biridir və burada bir çox məsələlər müzakirə olunur. Təşkilat yaxşı beynəlxalq nüfuza malikdir. Dövlətimizin başçısı bildirib ki, sistemli yanaşmaların, dəyişən beynəlxalq vəziyyətə aid olan məsələlərə mövqeyin formalaşmasında bu təşkilatın böyük rolu var.
Ölkə başçısının çıxışında təklükəsizlik məsələlərinə xüsusi  toxunularaq qeyd edilib ki, təhlükəsizlik məsələsi Azərbaycan üçün hər zaman birmənalı olaraq bir nömrəli məsələ olub. Suverenliyimiz, ərazi bütövlüyümüzün bərpasının gündəliyimizin əsas yerində dayandığını söyləyən dövlətimizin başçısı qeyd edib: “Hazırda cəmi 7 aydır ki, biz sülh şəraitində yaşayırıq. Bu, bir daha onu göstərir ki, güclü siyasi iradə var, sülh və ədalət sahəsində bir sadiqlik var”.
Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması baxımından zəngin mənbədir. Qürurvericidir ki, ölkəmizin ev sahibliyi etdiyi tədbirlərin miqyası olduqca genişdir və hər sahədə Azərbaycanın təcrübəsinin təbliğinə geniş imkanlar yaradır. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında da Ermənistanla münasibətlərə toxunub. Bildirib ki, Ermənistanla sülh yalnız kağız üzərində deyil. Bununla bağlı Birgə Bəyannamə oldu və bir neçə ay bundan əvvəl paraflandı. Lakin bizdə sülh yerində hiss olunur. Sərhədlərimizdə artıq atışmanın, qurbanların, itkilərin olmadığını vurğulayan dövlətimizin başçısı qeyd edib: “Biz müxtəlif istiqamətlərdən bütün yüklərin Ermənistana daşınmasına olan məhdudiyyətləri aradan qaldırmışıq. Biz Ermənistanla ticarətə və onlara ən vacib neft məhsullarının ixracına başlamışıq”.
Qeyd edilib ki, Ermənistanla sülhdən sonra ölkəmiz Ermənistanın ərazisindən keçən Orta Dəhlizin genişləndirilməsi üzərində çalışır. “Ermənistan müstəqillik tarixində ilk dəfədir tranzit ölkə ola bilər. Bu günə qədər bu, hələlik yoxdur. Bunun sayəsində biz Azərbaycanın əsas hissəsi ilə eksklavımız olan Naxçıvan Muxtar Respublikası ilə birbaşa bağlantını yarada biləcəyik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bu mötəbər tədbirin növbəti dəfə Bakıda keçirilməsi də Azərbaycanın bu sahədə oynadığı strateji rolu və beynəlxalq arenadakı mövqeyini bir daha təsdiqləyir. Bu forumlar  xarici qonaqlar üçün Azərbaycanla dialoqu inkişaf etdirmək, yeni əməkdaşlıq əlaqələri qurmaq baxımından mühüm imkandır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz çox fərəhlənirik ki, Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir. Bu Forumda qlobal gündəlikdə dayanan məsələlər müzakirə olunur.
 
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.