Reklam

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Gündəm

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Avstriya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib.

Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib və Azərbaycan dilində deyib: “Zati-aliləri cənab Prezident, Avstriyanın Bakıdakı yeni səfiri olaraq öz etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram”.

Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan dilini daha yaxşı öyrənəcəyinə ümidvarlığını bildirib.

Dövlətimizin başçısı səfirin Azərbaycan dilində danışmasından məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında siyasi dialoq, iqtisadi, qarşılıqlı sərmayələr, mədəniyyət və digər sahələrdə əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyi ifadə edib, Azərbaycanda uzun illərdir ki, Avstriya şirkətlərinin fəaliyyət göstərdiyini deyərək, perspektivdə onların sayının artmasının önəminə toxunub.

Dövlətimizin başçısı iki ölkə arasında diplomatik münasibətlər qurulduqdan bəri qarşılıqlı hörmətə əsaslanan əlaqələrimizin inkişaf etdiyini deyib.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir ikitərəfli münasibətlərimizin genişləndirilməsi istiqamətində səylə çalışacağını qeyd edib.

Söhbət zamanı müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin, siyasi məsləhətləşmələrin və parlamentlərarası əlaqələrin münasibətlərimizin inkişafındakı roluna toxunulub, Azərbaycanın və Avstriyanın beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.

Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfə qeyd edilib, bu xüsusda cari ilin yanvarından Azərbaycan təbii qazının Avstriyaya tədarükünə başlanması məmnunluqla xatırlanıb.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.