Siyasət
Tədbirdə Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov bildirmişdir ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə hər il sentyabrın 20-si ölkəmizdə Dövlət Suverenliyi Günü kimi qeyd edilir. Sentyabrın 20-si yalnız tarixdə bir gün deyil, milli dövlətçiliyimizin bərpası, suverenliyimizin yenidən möhkəmlənməsi günü kimi xalqımızın yaddaşında silinməz iz qoymuşdur. Şəhid və qazilərimizin canı-qanı bahasına qorunan bu torpaqda dövlətçilik ənənələri daim yüksək tutulmuş, müstəqillik arzusu əsrlər boyu canlı saxlanmışdır. 2020-ci il sentyabrında Vətən müharibəsinin tarixi Zəfəri ilə, işğal altındakı torpaqlarımızın azad edilməsi ilə, ardından 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində ölkəmizin Konstitusiya quruluşu bərpa edildi; bu, sadəcə coğrafi sərhədlərin deyil, suveren hüquqlarımızın da bərpası deməkdir.
Sonra dəyirmi masada 20 Sentyabr – “Dövlət Suverenlik Günü”nə həsr olunmuş çıxışlar dinlənilmişdir. Belə ki, məruzə nitqi ilə RİH başçısının birinci müavini Rəşad Zeynalov, Qazax–Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayon üzrə gənclər və idman sektorunun müdiri Vasif Abdullayev, Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Vüqar Əhmədov və Əsrik Cirdaxan kənd M.Əliyev adına tam orta ümumtəhsil məktəbinin direktoru Tural İmanov çıxış edərək bildirmişlər ki, Azərbaycan xalqı bu gün öz dövlətçiliyinin yeni bir mərhələsinə qədəm qoyur. Dövlət suverenliyi anlayışı sadəcə hüquqi bir ifadə deyil — bu, millətin azadlığı, müstəqilliyi, öz taleyini özü müəyyən etmək haqqı və tarix qarşısında məsuliyyətidir. Bu yolda dönüş nöqtəsi 44 günlük Vətən müharibəsi oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü bərpa etdi. Ardınca isə 2023-cü ilin 20 sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suveren hüquqları tam bərpa edildi.
Tədbiri Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov yekun nitqi ilə başa çatdıraraq bildirmişdir ki, bu gün burada – 20 Sentyabr “Dövlət Suverenlik Günü” münasibətilə bir araya gələrək Azərbaycanın müstəqilliyini, suverenliyini və dövlətçiliyini bir daha dəyərləndirdik.
Çıxışlarda səslənən fikirlər göstərdi ki, bizim hər birimizin qəlbində Vətənə sonsuz sevgi, dövlətçiliyə bağlılıq və milli qürur hissi yaşayır.
Suverenlik — yalnız bir dövlətin hüquqi statusu deyil, həm də onun xalqının ləyaqəti, azadlıq iradəsi və tarixi yaddaşıdır.
1991-ci ildə bərpa etdiyimiz müstəqillik bu gün artıq daha da möhkəmlənmiş, güclənmiş və regionda aparıcı mövqe tutan bir dövlətə çevrilmişik.
Bu yolda şəhidlərimizin canı, qazilərimizin qanı, xalqımızın birliyi və müdrik rəhbərliyin qətiyyəti dayandığını vurğulamışdır.
Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri 


Rəy yazın