Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə hər il noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son 20 ildə apardığı qətiyyətli və məqsədyönlü siyasət nəticəsində bu gün Azərbaycan dünyada söz sahibi olan dövlətlərdən birinə çevrilib. Onun rəhbərliyi ilə son 20 ildə ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən uğurlu fəaliyyət Azərbaycanın regionun lider dövləti kimi iqtisadi qüdrətini təmin etməkdədir. Bununla da dövlət müstəqilliyi şəraitində kənd təsərrüfatının inkişafına dair Heydər Əliyev ideyalarının reallaşdırılması istiqamətində bu illər ərzində görülən işlər sayəsində sahənin dayanıqlı inkişafı üçün etibarlı təminatlar yaradılıb. Ulu Öndərin anadan olmasının 101 illiyini böyük fəxr hissi ilə qeyd etdiyimiz 2025-cü il də daxil olmaqla, müstəqil Azərbaycanın kənd təsərrüfatı sahəsi uğurla həyata keçirilən aqrar islahatlar hesabına yaradılmış möhkəm təməllər üzərində davamlı olaraq yüksələn inkişaf göstəriciləri ilə xarakterizə olunur.
Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafının prioritet elan edilməsi, çoxşaxəli dövlət dəstəyi sisteminin yaradılması və ardıcıl olaraq genişləndirilməsi, islahatların dərinləşdirilməsi aqrar sahənin uzunmüddətli dinamik inkişafını təmin edir. Bütün bunların nəticəsində son illərdə kənd təsərrüfatı məhsullarının əsas növlərinin istehsalı artıb, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi xeyli yüksəlib.
Son 20 ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi real ifadədə 2 dəfədən çox artıb, qeyri-neft sektorunda yaradılmış əlavə dəyərin orta hesabla 10 faizi aqrar sahənin payına düşür.
Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması məqsədilə müəyyən edilən vəzifələrə uyğun olaraq bu il də kənd təsərrüfatı üzrə müsbət inkişaf dinamikası qeydə alınıb. İlin ötən 9 ayı ərzində aqrar sahə üzrə 3 faiz, o cümlədən bitkiçilikdə 2,5 faiz, heyvandarlıqda 3,5 faiz artım olub.
Dünya Bankının məlumatları əsasında aparılan hesablamalara görə, son illərdə Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişaf tempi dünya üzrə orta göstəricidən yuxarı olmuşdur. Belə ki, 2003-cü il baza ili olmaqla, 2004-2022-ci illərdə Azərbaycanda aqrar sahədə yaradılan əlavə dəyərin orta illik real artım tempi 3,8 faiz olduğu halda, bu göstərici dünya üzrə 2,9 faiz, Avropa və Mərkəzi Asiya üzrə 1,4 faiz, region ölkələrindən Türkiyədə 2,7 faiz, Gürcüstanda 1,5 faiz, Rusiyada 1,8 faiz, İranda 2,8 faiz olub.
Ölkəmizdə aqrar istehsal üzrə ən yüksək göstərici bitkiçilik sahəsindədir və son illərdə bu göstərici dünya göstəricisindən əhəmiyyətli dərəcədə yuxarıdır. Bunu xüsusilə Azərbaycanın müqayisəli üstünlüklərinin yüksək olduğu və daha çox əlavə dəyərin yaradıldığı meyvəçilik və tərəvəzçilik sahələrinin inkişafı, ümumi istehsalda payının artması şərtləndirir. Belə ki, 2003-cü illə müqayisədə ölkədə meyvə və giləmeyvə istehsalı 2,2 dəfə, kartof, tərəvəz və bostan məhsullarının istehsalı 1,6 dəfə artıb. Eyni zamanda, 2003-cü ildən sonra ət və süd məhsullarına tələbatın artmasının heyvandarlığın inkişafını fəal stimullaşdırması hesabına bu sahədə də artım sürətlənmişdir.
Ümumiyyətlə, daxili bazar tələbinin əhəmiyyətli şəkildə yüksəlməsi fonunda Azərbaycanın ərzaq təhlükəsizliyi göstəriciləri də ümumilikdə məqbul səviyyəyə çatıb, ilk növbədə yerli istehsal potensialının gücləndirilməsi hesabına əsas ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb.
Hazırda kənd təsərrüfatı meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə ölkəni tam təminetmə potensialına malikdir.
Əhalinin tələbatının daha yüksək olduğu ət və ət məhsulları üzrə özünütəminetmə səviyyəsi 2025-ci ildə 86,0 faizə, süd və süd məhsulları üzrə isə 83,3 faizə çatmışdır. Bəli, reallıq göz qabağındadir. Artıq fermerlər istehsal etdikləri məhsulları sərbəst şəkildə dünya bazarına çıxara bilirlər. Bu da onların həyat şəraitinin yüksəlməsinə, qazanclarının dəfələrlə artmasına səbəb olur.
Qabil Kazımov - Kainatpress.tv internet televiziyasının baş redaktor müavini



Rəy yazın