Reklam

Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Gündəm

16 oktyabr 2025

İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.


Səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.


Prezident İlham Əliyev Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla görüşünü xatırladaraq, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qaldığını dedi. İkitərəfli gündəlikdə yeni dövrün başladığını vurğulayan dövlətimizin başçısı, ilk növbədə, insanlararası və biznes nümayəndələrinin təmaslarının, mədəni, humanitar sahələrdə əməkdaşlığın bərpasının və inkişaf etdirilməsinin önəminə toxunub.


Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.


Görüşdə Azərbaycanla Fransa arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən yüksək texnologiyalar və aerokosmik sahələrdə uğurlu inkişafına toxunuldu. Hökumətlərarası Komissiyanın fəaliyyətinin bərpasının əhəmiyyəti vurğulandı, qardaşlaşmış şəhərlər arasında əlaqələr qeyd edildi, biznes nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili və müxtəlif layihələrdə Fransa şirkətlərinin iştirakı məsələləri müzakirə olundu.


Azərbaycanla Fransanın enerji sahəsində uğurlu tərəfdaşlığı və bu xüsusda ölkəmizlə “Total” şirkəti arasında əməkdaşlığın önəmi qeyd edildi.


Söhbət zamanı bir çox sahədə münasibətlərimizin perspektivlərinə dair fikir mübadiləsi aparıldı, əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

 



Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.