Reklam

Keçmişdə qalan münaqişə

Gündəm

 Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla insanın taleyinə ciddi təsir göstərib. 1988-ci ildə erməni tərəfinin Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə başlamış bu münaqişə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və 20 faiz torpaqlarımızın işğalı ilə nəticələndi.  

27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatına cavab   Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi və İkinci Qarabağ müharibəsi başlandı.
44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Moskvada imzalanan üçtərəfli müqaviləyə əsasən, Dağlıq Qarabağ münaqişəsi zonasında atəş və hərbi əməliyyatların tam dayandırılması elan edildi. Azərbaycan özü  30 illik münaqişəyə son qoydu və hərbi-siyasi yollarla ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı.
 Yaşadığımız qələbə 1 milyondan çox  Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu. Vətən müharibəsi  xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq ədalətə söykənən  reallığı, eyni zamanda, nəinki ölkəmizin  vətəndaşlarının, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən sevgisinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. 
5 il bundan əvvəl 44 günlük  Vətən müharibəsi parlaq, tarixi Qələbə ilə başa çatdı, nəticədə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. 2020-ci il noyabrın 10-na keçən gecə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan mahiyyətcə Ermənistanın təslim olması aktı olan üçtərəfli bəyanat imzalamağa məcbur oldu. 
Təəssüf ki, bundan sonra Ermənistan tərəfi öz təxribatçı siyasətindən əl çəkmədi, xüsusən də yeni müharibəyə təhrik edən bəyanatlar verdi.  Ermənistan Respublikası tərəfindən “mina terroru”, o cümlədən  erməni silahlı qüvvələri  tərəfdən Azərbaycan mövqelərinin mütəmadi olaraq atəşə tutulması,  artıq mövcud olmayan qondarma xunta rejiminin  ötən ilin sentyabrında seçkilər keçirməsi rəsmi Bakını lokal xarakterli antiterror  əməliyyatlara başlamağa məcbur oldu. 24 saata yaxın  davam edən və peşəkarlıqla həyata keçirilən  əməliyyat nəticəsində dövlətimizin suverenliyi tamamilə bərpa olundu. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev həm ölkəmizdə, həm də xaricdə yaşayan milyonlarla azərbaycanlının arzusunu gerçəkləşdirdi. Müstəqilliyini elan etdikdən sonra ilk dəfə olaraq Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir.  Artıq Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının Dövlət bayrağını Xankəndində qaldırdı.
Azərbaycan Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də  bir hissəsi Ermənistanın işğalı altında olan və 44 günlük müharibə nəticəsində azad edilmiş Tərtər rayonuna səfər edib. Dövlət başçısı parkın açılışında, Tərtər rayonundakı Suqovuşan su anbarının təmir işlərindən sonra istifadəyə verilməsində iştirak edərək, Sərsəng su anbarının ərazisində Azərbaycanın dövlət bayrağını qaldırdı. Artıq Azərbaycan bayrağı Ağdərədə, Xocavənddə, Xocalıda dalğalanır.  Həmin il Şanlı Qələbənin üçüncü ildönümü isə Xankəndidə təntənəli hərbi paradla qeyd edildi. 
Bu gün qürurla deyə bilərik ki, biz qalib ölkənin vətəndaşlarıyıq.  Hər bir Azərbaycan vətəndaşı  xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi  və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq.  Hal-hazırda  işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər. Onlara bu şərəfli missiyanı yerinə yetirməkdə uğurlar arzulayır, Vətən üçün canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
 
Ağarəhim Baxışov- Dövlət İdarəçilik Akademiyası


Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.