Reklam

Prezident İlham Əliyev Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub

Gündəm

13 yanvar 2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Ağdərə rayonunun Heyvalı kəndində görülmüş işlərlə tanış olub.

Dövlətimizin başçısına kənddə icra olunan abadlıq işləri və planlaşdırılan infrastruktur layihələri barədə məlumat verilib.

Heyvalı kəndi Ağdərə rayonunun eyniadlı inzibati ərazi dairəsində, Qarabağ silsiləsinin ətəyində yerləşir. İşğaldan əvvəl yerli əhalinin əsas məşğuliyyətini taxılçılıq, tütünçülük və heyvandarlıq təşkil edib, kənddə məktəb, klub və poçt kimi sosial obyektlər fəaliyyət göstərib. Kənd 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.

Qeyd edək ki, Heyvalıda mövcud olan 126 fərdi evdən 45-i artıq tam bərpa edilib və istismara hazırdır. İl ərzində daha 50 evin bərpası nəzərdə tutulur. Artıq doğma yurduna dönən 19 ailənin (74 nəfər) məskunlaşması üçün bütün zəruri şərait yaradılıb.

Kəndin yenidən qurulması çərçivəsində sosial infrastrukturun bərpası istiqamətində genişmiqyaslı işlər görülüb. Belə ki, 2 mövcud transformator, enerji və qaz xətləri bərpa olunub, yeni rabitə xətləri çəkilib. Sakinlərin içməli su ilə təmin olunması üçün 60 kubmetrlik çən quraşdırılıb və su şəbəkəsinin inşası üzrə işlərə başlanılıb. Bundan əlavə, 4,5 kilometr uzunluğunda kənddaxili yollar əsaslı şəkildə bərpa olunub və sakinlərin asudə vaxtı üçün yeni istirahət parkı salınıb.

Sonra Prezident İlham Əliyev kənd sakini Sarvan Abbasovun ailəsinə baş çəkib, yeni evdə yaradılmış şəraitlə tanış olub, məşğulluq imkanları ilə maraqlanıb.

Sarvan Abbasov doğma torpaqlarına qayıtmağın sevincini bölüşərək, dövlətimizin başçısına və Ordumuza minnətdarlığını ifadə edib.

Prezident İlham Əliyev ailənin üzvlərinə doğma yurdlarında firavan həyat arzulayıb.

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.