Son günlər Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının səkiləri zəbt edən şəxslərə qarşı həyata keçirdiyi reydləri demək olar ki, bütün mətbuat səhifələri və sosial şəbəkə istifadəçiləri hamı bir nəfər kimi qınaq hədəfinə çevirib.
Bugün hər kəs Samir Bədəlovu qınayır, ona irad tutur və hər kəs birləşərək, səkini zəbt edən bir adama bəraət qazandırmağa çalışır.
Burada isə başadüşülməyən bir məqam var ki, o da bundan ibarətdir ki, dünənə kimi istər bütün mətbuat səhifələri, istərsə də əli telefon tutan və sosial şəbəkə istifadəçisi olan hər kəs piyada səkiləri üzərində ticarətin əleyhinə çıxış edərək rayon və şəhər İcra Hakimiyyətlərini bu kimi hallara göz yummaqda ittiham edirdilər. Bugün isə həmin insanlar cəmi bir neçə günün içində doqsan dərəcə dəyişərək səkiləri zəbt edən şəxslərə qarşı mübarizə aparan məmuru qınaq hədəfinə çevirirlər və hətta adamın işgüzar nüfuzuna xələl gətirməkdən belə çəkinmirlər...
Mən, başa düşə bilmirəm ki, Samir Bədəlov qanunsuz nə edib axı? Məgər səkilərin üzərində ticarətin yığışdırılması qanun pozuntusudur?
Əlbəttə ki, Samir Bədəlov düz edib və təkcə Sumqayıt şəhərində yox bütün ölkə ərazisində səkilərin üzərində ticarətə yol verilməməlidir.
Əlbəttə ki, özünü ədalətli və qərəzsiz sayan hər bir mətbuat orqanı bugün Samir Bədəlovun qarşısında yox yanında olmalıdır.
Bir məqama da xüsusi toxunmaq lazımdır ki, bir çox insanlar da Samir Bədəlovun meyvələri maşına yığdırmasını qınayırlar və həmin meyvələrlərin müsadirə olunması kimi səhv təəssürat yaradırlar. Əslində isə olan bu ki, həmin meyvələr sadəcə şəhərdə təşkil olunan yarmarka ərazisinə aparılmaq üçün maşına yığdırılmışdı və həmin şəxsə də həmin meyvələri səkinin üzərində deyil yarmarka ərazisində satması tövsiyə olunmuşdu...
Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya ilə idarə olunan demokratik hüquqi bir dövlətdir və hər bir vətəndaşın hüquq və azadlıqları qanunla qorunduğu kimi hər bir vətəndaşın da qanunlara riayət etmək borcudur.
Bəli, səkinin üzərində meyvə yığaraq piyadaların hərəkətini məhdudlaşdırmaq da qanunsuzluqdur və Samir Bədəlov da məhz qanunsuzluqla mübarizə aparmağa çalışıb ki, bu da tənqidə yox alqışa layiq bir haldır.
Hacağa Hacızadə - Kainatpress.tv internet televiziyasının təsisçisi və rəhbəri



Rəy yazın