Reklam

Dövlətin Aqrar Siyasətində Ümummilli Lider Heydər Əliyevin rolu

İqtisadiyyat

1923-cü il may ayının 10-da Naxçıvanda dünyaya göz açan Ulu Öndərimizin həyatının mənası Azərbaycan idi. Özünün şah əsəri saydığı müstəqil Azərbaycan dövlətini yaradan dünyaşöhrətli siyasi və dövlət xadimi bu barədə deyirdi: "Mən balaca bir evdə, zəhmətkeş ailəsində, bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi bəlkə də bir qədər qeyritəvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm".  

Heydər Əliyev tarixin ən çətin, məsuliyyətli anlarında Azərbaycan xalqını sevərək hifz edən, milli mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirən görkəmli şəxsiyyət və qüdrətli dövlət xadimi olmuşdur. Taleyin hökmü ilə iki dəfə bu çətin və şərəfli vəzifəni üzərinə götürən Ümummilli Lider hər dəfə Azərbaycanın müqəddəratının həll olunduğu təhlükəli və mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, xalqımızı böyük bəlalardan xilas etmişdir. 50 ildən çoxdur ki, Heydər Əliyevin adı Azərbaycan vətəndaşlarının və dünya azərbaycanlılarının qəlbində qürur və fərəh hissi doğurur.
Dünya ölkələrində Ulu Öndəri tanıyanlar və haqqında eşidənlər tərəfindən də o, böyük məhəbbətlə yad edilir. Heydər Əliyevə olan bu sevgi isə onun öz xalqına və dövlətinə sədaqətlə xidmət etməsi ilə bağlı olmuşdur, baxmayaraq ki, bu sevgi və məhəbbəti qazanmaq heç də asan olmamışdır.  Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrədək zəngin iqtisadi potensialı, təbii sərvətləri, habelə zəhmətkeş insanları olmasına baxmayaraq, Azərbaycan SSR ittifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdən birini tuturdu. Azərbaycan SSRİ kimi nəhəng bir ölkəni ən qiymətli təbii sərvət olan və strateji məhsul sayılan neftlə təmin etdiyi halda əhalinin yaşayış səviyyəsinə görə heç bir iqtisadi resursu olmayan digər respublikalardan xeyli geridə qalırdı. 
Xüsusilə respublikanın kənd təsərrüfatı acınacaqlı vəziyyətdə idi. İstər bitkiçilikdə, istərsə də heyvandarlıqda məhsuldarlıq başqa respublikalara nisbətən bir neçə dəfə aşağı, təsərrüfatların maddi-texniki təminatı zəif idi. İstehsal proseslərinin mexanikləşdirilmə səviyyəsi qənətbəxş olmadığından məhsul istehsalı baha başa gəlirdi, bu səbəbdən kolxoz və sovxozların böyük əksəriyyəti ziyanla işləyirdi. Bütün bunlar isə kənd təsərrüfatı sahəsində çalışanların maddi durumuna mənfi təsir edir, respublika əhalisinin ərzaq məhsulları ilə təminatında böyük çətinliklər yaradırdı. Digər tərəfdən respublikamızda əhalinin sayı qonşu Gürcüstan və Ermənistana nisbətən çox olmasına baxmayaraq, ittifaq fondundan bizə hər adambaşına ayrılan bir çox ərzaq məhsullarının həcmi xeyli az idi. Bu vəziyyət keçən əsrin 60-cı illərinin sonunda daha da dərinləşməyə başlamışdı.  
Azərbaycanda yaranmış bu vəziyyətdən çıxış yolunu ittifaq rəhbərliyi Heydər Əliyevin respublikaya rəhbərlik etməsində gördü və 1969-cu ildə Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Respublikanın rəhbəri kimi fəaliyyətə başladığı ilk gündən etibarən Heydər Əliyev iqtisadiyyatın inkişafını önə çəkdi. Bu məqsədlə respublikada nizam-intizamın bərpa olunması, hər bir işçinin öz vəzifəsinə məsuliyyətlə yanaşması, daha bacarıqlı və savadlı kadrların irəli çəkilməsi, bütün sahələrdə nəzarətin gücləndirilməsi və tələbkarlığın artırılması istiqamətində tədbirlər həyata keçirilməyə başlandı.
Heydər Əliyevin 1969-1982-ci illərdə fəaliyyətinin əsas istiqamətlərindən biri də kənd təsərrüfatını düşdüyü ağır vəziyyətdən xilas etmək və Azərbaycanı ittifaqın inkişaf etmiş kənd təsərrüfatına malik respublikalarından birinə çevirmək idi. O, çox yaxşı bilirdi ki, kənd təsərrüfatı milli təhlükəsizliyin tərkib hissəsi olan ərzaq təhlükəsizliyinin əsas bazasıdır. Böyük fransız yazıçısı, filosofu, bəstəkarı və botaniki JanJak Russo (1712-1778) demişdir: "Yalnız kənd təsərrüfatı ölkələrin azadlığını təmin edə bilər. Ticarət vardövlət yaradırsa, kənd təsərrüfatı ölkələrə azadlıq verir". Bu, həqiqətən də belədir. Çünki əhalisini öz istehsalı olan ərzaqla təmin etməyən ölkə başqasından asılı olur, onun siyasi tələblərini yerinə yetirməyə məcbur olduğundan müstəqilliyini itirir və əhali həmişə ərzaq təhlükəsi ilə üzləşir. Amma kənd təsərrüfatı açıq səma altında yerləşdiyindən, şiddətli təsir gücünə malik təbiət hadisələrindən - quraqlıq, şaxta, leysan yağışlar, tufan və s.-dən qorunmaq imkanının məhdud olması ucbatından çox riskli sahədir. Bütün bunları nəzərə alaraq Heydər Əliyev kənd təsərrüfatının dövlət qayğısına daha çox ehtiyacı olan bir iqtisadi sahə kimi  onun inkişafına xüsusi qayğıkeşliklə yanaşırdı. Özü də bu qayğıkeşlik aqrar-sənaye kompleksini əhatə edən hər üç bölməni, yəni bu bölmənin əsasını təşkil edən kənd təsərrüfatı ilə yanaşı, aqrar maşınqayırma, gübrə, aqrokimyəvi maddələr istehsalı sənayesini və kənd təsərrüfatı məhsullarının emalı, tədarükü və satışı bölmələrini əhatə edirdi. Çünki onlardan hər hansı birinin zəif inkişafı aqrar sahənin səmərəli fəaliyyətini təmin etməyəcək və gözlənilən nəticəni əldə etmək mümkün olmayacaqdı.  
Təkcə bir faktı qeyd edək: 1969-1982-ci illərdə Heydər Əliyevin təşəbbüsü və səyləri, habelə SSRİ rəhbərliyindəki yüksək nüfuzu nəticəsində keçmiş Sov.İKP MK və SSRİ Nazirlər Sovetinin Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı 3 qərarı qəbul edilmişdir. Bunlar 1970-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatını inkişaf etdirmək tədbirləri haqqında", 1975-ci ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da intensivləşdirmək tədbirləri haqqında" və 1979-cu ildə "Azərbaycan SSR-də kənd təsərrüfatı istehsalını daha da ixtisaslaşdırmaq, üzümçülüyü, şərabçılığı inkişaf etdirmək, habelə irriqasiyameliorasiya obyektlərinin layihələndirilməsi və tikilməsi tədbirləri haqqında" qəbul edilmiş qərarlardır. Məhz bu qərarların uğurla və vaxtında yerinə yetirilməsi sayəsində Azərbaycan bütün növ kənd təsərrüfatı məhsulları istehsalına görə rekord nəticələr əldə etdi. 
Eləcə də təsərrüfatların maddi-texniki bazası yeni texnika və texnologiya ilə möhkəmləndi, əkinçilik mədəniyyəti əsaslı surətdə yüksəldi, bitkiçilik və heyvandarlığın intensiv inkişafı təmin edildi, heyvandarlıq məhsullarının sənaye üsulu ilə istehsalının təşkili üçün çoxsaylı heyvandarlıq kompleksləri və quşçuluq fabrikləri fəaliyyətə başladı. Bitkilərin sortunun və heyvanların cinsinin yaxşılaşması, toxumçuluq və damazlıq işinin elmi əsaslarla təşkili həyata keçirildi. Heydər Əliyevin tapşırığı və ittifaq nazirliklərinin razılığı ilə hər il Azərbaycana digər respublikalardan, xüsusilə Baltikyanı respublikalardan yüksək süd məhsuldarlığına malik cins qaramal gətirilirdi. Bütün bunlar bitkiçilik və heyvandarlıqda məhsuldarlığın artırılması hesabına kənd təsərrüfatı məhsulları istehsalının dinamik və davamlı inkişafını təmin etdi, respublikamız bu göstəricilərə görə ittifaqda ön sıraya çıxdı. Artıq Azərbaycan ittifaqda geridə qalan aqrar diyar kimi yox, müasir texnologiyalara əsaslanaraq inkişaf edən bir respublika kimi tanındı. 
Heydər Əliyevin təşəbbüsü ilə 1969-1982-ci illərdə kənd təsərrüfatı istehsalının artırılması üçün həyata keçirilən ən mühüm tədbirlərdən biri də suvarma suyundan səmərəli istifadənin təşkilinə diqqətin artırılması idi. Bu məqsədlə həmin dövr beton suvarma kanalları şəbəkəsinin genişləndirilməsi, kiçik sututarların yaradılması və yeni suvarma texnologiyalarının tətbiqi istiqamətində əsaslı işlər görüldü. Bu da su itkisinin qarşısını almağa, sel sularından və su ehtiyatlarından suvarma üçün daha səmərəli istifadə etməyə geniş imkanlar yaratdı. Bunun sayəsində kənd təsərrüfatında məhsuldarlıq əhəmiyyətli dərəcədə yüksəlməklə məhsul istehsalının artımına öz təsirini göstərdi.  Heydər Əliyevin Azərbaycanda həyata keçirdiyi möhtəşəm quruculuq işləri, yüksək idarəçilik qabiliyyəti, dövlətçiliyi inkişaf etdirmək bacarığı və rəhbər işçi kimi böyük potensiala malik olması ittifaq rəhbərliyinin diqqətini cəlb etməyə başladı. O,  1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Heydər Əliyev bu vəzifədə işlədiyi qısa müddət ərzində ittifaqda mövcud olan ən problemli sahələrin inkişafına, o cümlədən dünyanın ən böyük magistralı olan BAM-ın (Baykal-Amur Magistralı) tikintisinə rəhbərlik edirdi. Məhz buna görə BAM-ın istifadəyə verilməsinin 30 illiyi münasibəti ilə Rusiya Federasiyasının rəhbərliyi tərəfindən bu magistralın tikintisində Heydər Əliyevin əzmkarlığı və böyük əməyi xüsusi vurğulandı.
O dövr Heydər Əliyev tez-tez xarici ölkələrdə olur, onlarla əməkdaşlıq problemlərini müzakirə edir və dünyanın siyasi elitasında hörmətlə qarşılanırdı. Eyni zamanda Heydər Əliyev həmin illər respublikamızda baş verən proseslərlə daim maraqlanır, problemlərin həllində kömək göstərir və respublikamızın dinamik inkişafı üçün əlindən gələni edirdi. Azərbaycanda kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi işini davam etdirmək və aqrar sahə ilə bağlı digər məsələlərin həlli üçün ittifaq nazirliklərinə müvafiq tapşırıqlar verirdi.  
Ulu Öndərin liderlik məharəti, ittifaqda və beynəlxalq aləmdə böyük nüfuzu, məhsuldar işləmək qabiliyyəti xoşniyyətli insanları sevindirir, bir çox bədxahlarda isə ona qarşı paxıllıq hissi yaradırdı. Bu paxıllığın nəticəsi idi ki, 1987-ci ildə Heydər Əliyevə qarşı SSRİ rəhbərliyində, xüsusilə M.Qorbaçov tərəfindən aparılan təqiblərə cavab olaraq o, vəzifəsindən istefa verdi. Bundan sonra Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Bununla belə, bütün qadağalara baxmayaraq Heydər Əliyev SSRİ-də və Azərbaycanda gedən prosesləri diqqətlə izləməkdə davam edir, öz xalqı ilə birgə nəfəs alırdı. Onun gücü də məhz bunda idi. Heydər Əliyev 1990-cı il iyulun 22-də kiçik vətəni Naxçıvana gəldi və Naxçıvan əhalisi onu Naxçıvan Muxtar Respublikasının və Azərbaycan SSR-in Ali Sovetinə deputat seçdi. 1990-cı ilin noyabr ayının 17-də muxtar respublikanın Ali Sovetinin birinci sessiyasında Heydər Əliyevin təşəbbüsü ilə doğma Azərbaycanımızın üçrəngli bayrağı qaldırıldı. Bundan başqa, onun təklifi ilə muxtar respublikanın adından "Sovet Sosialist" sözləri çıxarıldı və Naxçıvan MR Ali Soveti Ali Məclis adlandırıldı. Habelə dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildi. 1991-ci il sentyabrın 3-də Heydər Əliyev muxtar respublikanın Ali Məclisinə sədr seçildi. O, bu vəzifədə işlədiyi müddətdə blokada şəraitində olan Naxçıvanı ermənilərin hücumundan qorumaq və əhalini ərzaq məhsulları ilə təmin etmək üçün hərtərəfli düşünülmüş tədbirlər görməyə başladı. Bu məqsədlə əhali səfərbər olundu və kolxozların mal-qarası kənd əhalisinə verilməklə ittifaq miqyasında ilk dəfə Naxçıvanda aqrar islahatlar keçirildi. 
Həmin dövr - 1991-ci il 18 oktyabr tarixində Bakıda Azərbaycan SSR Ali Sovetinin iclasında Azərbaycan Respublikasının ikinci dəfə öz müstəqilliyi və suverenliyi haqqında Konstitusiya aktı qəbul olundu. Lakin müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səbatsızlığı, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək və proqnozlaşdırmaq imkanlarından məhrum olmaları cəbhədə və ölkə daxilində mövcud gərginliyi daha da artırırdı. Müstəqil Azərbaycan öz tarixinin ən ağır çağlarını yaşayır və suverenliyini itirmək təhlükəsi qarşısında idi. Bunun məntiqi nəticəsi kimi 1993-cü il iyunun 4-də Gəncədə iqtidara tam etimadsızlıq göstərilərək qiyam baş verdi, qardaş qanı axıdılmaqla demək olar ki, vətəndaş müharibəsi başladı. Bunu görən Azərbaycan xalqı böyük dövlətçilik təcrübəsi olan, tanınmış siyasi xadim Heydər Əliyevi təkidlə Azərbaycan Respublikasına rəhbərliyə dəvət etdi. Heydər Əliyev yenicə müstəqillik əldə etmiş respublikamızda yaranmış acınacaqlı vəziyyəti və xalqın çağırışını nəzərə alaraq Bakıya gəldi və 1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Ali Sovetinin Sədri seçildi. Onun oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Həmin dövrün son tarixi hadisələri, faciələrimiz parlamentin müzakirəsinə çıxarıldı, onlara hüquqi-siyasi qiymət verildi. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi, əhalinin döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görüldü, ölkədəki vəziyyət barədə tez-tez xalqa məlumat verildi. Bu çox qısa müddət ərzində Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Ali qanunverici orqanın 4 aylıq fəaliyyəti sübut etdi ki, Azərbaycanın müstəqilliyini qoruyub saxlayan və inkişaf etdirən yeganə şəxs məhz Heydər Əliyevdir. Bunu 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizinin Heydər Əliyevə səs verməsi də nümayiş etdirdi. Dövlət başçısı kimi fəaliyyətə başlayan Heydər Əliyev Azərbaycanın müstəqil bir dövlət kimi qorunub saxlanmasının və inkişaf etdirilməsinin yeganə yolunun ilk növbədə ölkədə siyasi sabitliyin bərqəqar olması, strateji təbii sərvət olan neft və qaz istehsalının müasir texnologiyalar əsasında təşkili və bu sahədən gələn gəlir hesabına milli təhlükəsizliyin təmin edilməsi, sosial-iqtisadi sahələrin inkişafı olduğunu bəyan etdi. Bu məqsədlə Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində separatçı ermənilər tərəfindən başlamış ErmənistanAzərbaycan müharibəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olundu. Bundan sonra ölkədə siyasi və iqtisadi sabitlik bərqərar oldu, siyasi sistemin təkmilləşməsi istiqamətində möhkəm addımlar atıldı və 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul olundu. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş tədbirlər nəticəsində əvvəlki iqtidarların dövründən başlayan sosial-iqtisadi tənəzzülün qarşısı alındı və 1996-cı ildən inkişaf başladı.  Təbii ki, bütün bunlar elə də asan başa gəlmədi. 
Azərbaycanın inkişafını, Heydər Əliyevin hakimiyyətdə olmasını istəməyən bəzi daxili və xarici anti-Azərbaycan qüvvələr 1994-cü və 1995-ci illərdə dövlət çevrilişinə cəhdlər etdi, terror aktları törətmək istədilər. Lakin Azərbaycan dövlətinin və xalqının, onun liderinin əleyhinə yönəlmiş bu qanunazidd hərəkətlərin və separatizm əməllərinin qarşısı Heydər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində vaxtında və yüksək peşəkarlıqla alındı.  Ümummilli Lider çox yaxşı bilirdi ki, neft-qaz sənayesinin inkişafı ölkəmizdə iqtisadiyyatın digər sahələrinin inkişafı üçün möhkəm təməl yaradacaq. Bunun üçün Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ölkə iqtisadiyyatının bazar münasibətləri əsasında inkişafı təsbit edilmişdir. Onu əsas götürərək respublikamızda yubanmadan iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə islahatlara başlandı. 
Həmin məqsədlə torpaq islahatında, habelə sovxoz və kolxozların əmlakının bölgüsündə ədalətli nəticələrə nail olmaq üçün "Torpaq islahatı haqqında", "Aqrar islahatın əsasları haqqında" və "Sovxoz və kolxozların islahatı haqqında" qanunlar qəbul edilərək bu islahatın hüquqi bazası yaradıldı. Heydər Əliyev bu qanunların icrasını təmin etmək üçün müvafiq mexanizmləri əks etdirən bir neçə fərman imzaladı. Həmin qanunlara və fərmanlara uyğun olaraq 1996-cı ildən başlayaraq kolxoz və sovxozlar ləğv olunaraq onların torpaqları və əmlakları qanunvericiliyə uyğun kənd əhalisi və təsərrüfat üzvləri arasında bölündü. Bununla da əvvəllər yalnız dövlətə mənsub olan torpaqlar dövlət, bələdiyyə və xüsusi mülkiyyətə verildi. Beləliklə, kənd təsərrüfatı məhsulları istehsalçıları fiziki və hüquqi şəxs qismində sahibkarlıqla məşğul olmaq üçün böyük imkanlar əldə etdilər. Hazırda respublikamızda 1 milyon 300 mindən çox ailə torpaq mülkiyyətçisi kimi kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olur. Qısa müddətdə və uğurla həyata keçirilən bu aqrar islahatlar bir çox xarici ekspertlərin rəyinə görə, keçmiş ittifaq miqyasında ən ədalətli və tam başa çatmış islahat kimi qiymətləndirilir. 
Yeni sahibkarlıq formalarının təşəkkül tapması ilə əlaqədar yaranan münasibətlərin hüquqi müstəvidə həlli və qanunvericilik bazasının təkmilləşdirilməsi və dərinləşdirilməsi istiqamətində aqrar islahatların aparıldığı və ondan sonrakı dövrlərdə Heydər Əliyevin təşəbbüsü və tapşırığı əsasında Torpaq Məcəlləsi, Su Məcəlləsi, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Meliorasiya və irriqasiya haqqında", "Torpaqların münbitliyi haqqında", "Taxıl haqqında", "Seleksiya nailiyyətləri haqqında", "Baytarlıq təbabəti haqqında", "Bitki karantini haqqında", "Toxumçuluq haqqında" və bir sıra digər qanunlar və normativ hüquqi sənədlər qəbul edilmişdir. Heydər Əliyev hələ Azərbaycana birinci dəfə rəhbərlik etdiyi müddətdə aqrar sahəni dövlətin diqqət və dəstəyi olmadan inkişaf etdirməyin çətin olduğunu bildiyinə görə bu sahədə yeni yaranmış sahibkarlıq subyektlərinin formalaşması və tərəqqisi üçün onların dövlət dəstəyinə daha böyük ehtiyacı olduğunu bəyan etmiş və bu istiqamətdə müvafiq tədbirlər görməyə başlamışdır. Bu istiqamətdə Heydər Əliyevin təşəbbüsü və imzaladığı sənədlərlə kənd təsərrüfatı məhsulları istehsalçılarını stimullaşdırmaq məqsədi ilə onlar bir neçə il əkin aparmaq üçün müəyyən miqdar pulsuz yanacaqla təmin edilmiş, 2001-ci ildən isə fermerlər torpaq vergisi istisna olmaqla digər vergilərdən azad olunmuşlar.  Görkəmli dövlət xadimi olan Heydər Əliyev respublikamıza ikinci dəfə rəhbərliyi dövründə ölkəmizdə neft strategiyasını və iqtisadi islahatları, o cümlədən aqrar islahatları uğurla həyata keçirib, Azərbaycan dövlətini və xalqını zamanın ən çətin sınaqlarından məharətlə çıxararaq müasir Azərbaycan dövlətinin qurucusu olduğunu sübut etdi. Heydər Əliyev ikinci dəfə müstəqillik əldə edən Azərbaycanı nəinki qoruyub saxladı, həm də ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmaqla onun dünyanın qabaqcıl ölkələri sırasına çıxmasını təmin etdi. Bütün bunlar Ümummilli Liderin özünün dediyi kimi, Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasını təmin edən mühüm addımlar idi.
Heydər Əliyev şəxsiyyətinin miqyası, böyüklüyü və əzəməti tarixin onun öhdəsinə buraxdığı taleyüklü məsələnin həllini təmin etmək qüdrətini nümayiş etdirdi. Bununla Azərbaycanın tarixində xilaskar lider adını daşımaq şərəfi ömrünü, bütün qüvvə və bacarığını Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş XX əsrin böyük siyasətçisi Heydər Əlirza oğlu Əliyevə qismət oldu. Ulu Öndər bu şərəfli missiyanı Azərbaycana rəhbərliyi dövrlərində əyani surətdə sübut etdi.  Heydər Əliyevin Azərbaycan xalqına və dövlətçiliyinə bütün ömrü boyu şərəflə xidmət etməsi həm də onunla təsdiq olunur ki, bu dahi şəxsiyyət 2003-cü ildə Azərbaycanda prezident seçkiləri ilə əlaqədar xalqa müraciətində özünün uzun illər formalaşdırdığı möhtəşəm siyasi kursu uğurla davam etdirə biləcək ünvanı dəqiq göstərməsidir. Həmin müraciətdə deyilirdi: "Üzümü sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". 
Ulu Öndərin bu tarixi müraciətindən keçən 20 il onun dediklərinin yüksək dərəcədə həqiqət olduğunu bir daha göstərdi. Keçən dövr ərzində dörd dəfə Azərbaycan xalqının əksəriyyətinin böyük dəstəyini qazanaraq Prezident seçilən İlham Əliyev Ümummilli Liderin layiqli varisi olduğunu sübut etdi.  Bu varislik Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə formalaşdırdığı aqrar siyasətdə öz əksini daha geniş surətdə tapmışdır. Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq, 2003-cü ildən indiyə kimi kənd təsərrüfatı məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi xeyli genişləndirilmişdir. Hazırda fermerlər torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad olmaqla onlara kənd təsərrüfatı texnikasının lizinqə verilməsi, damazlıq mal-qaranın 60 faiz güzəştlə satılması, əkin sahələrinin və çoxillik əkinlərin becərilməsinin stimullaşdırılması davam etməklə yanaşı, emal müəssisələrinə təhvil verilən pambıq, tütün, şəkər çuğunduru və barama məhsuluna görə də dövlət büdcəsindən əlavə vəsait ödənilir. Bundan başqa, ting və toxum istehsalçıları, süni mayalanma yolu ilə doğulan buzovların sahibləri və arı ailəsi saxlayan arıçılar da dövlət büdcəsi vəsaiti hesabına stimullaşdırılır. Eyni zamanda aqrar sahədə çalışan fiziki və hüquqi şəxslərə hər il güzəştli şərtlərlə mineral gübrələr, kreditlər verilir, habelə kənd təsərrüfatı bitkilərinin və heyvanlarının sığorta haqqının bir hissəsi dövlət büdcəsi hesabına ödənilir. Bütün bunlar isə hər il 400-500 milyon manat vəsaitin fermerlərin ixtiyarında qalmaqla istehsalın genişlənməsinə sərf olunur.  
Azərbaycan xalqı və Azərbaycan dövləti qarşısında misilsiz xidmətləri olan və 101 illik yubileyini böyük təntənə ilə qeyd etdiyimiz Heydər Əliyev sözün əsl mənasında dahi şəxsiyyətdir. Qədirbilən xalqımız Ümummilli Lideri ilə haqlı olaraq fəxr edir. Çünki müasir ölkəmizin memarı və qurucusu olan Heydər Əliyevin adı  Azərbaycanın özü qədər əbədidir.  
 
 Qabil Kazımov - Kainatpress.tv internet televiziyasının baş redaktor müavini 

Rəy yazın

Təsisçi və rəhbər: Hacağa Hacızadə

Tel: 077 605-87-77

E-poçt: [email protected]

Müəllif hüquqları qorunur. © kainatpress.tv
Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.