Şəmkir şəhəri Əhməd Cavad adına tam orta ümumtahsil məktəbində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Süleyman Zeynallı, Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov, Qazax – Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov, təhsil işçiləri iştirak ediblər.



RİH başçısının birinci müavini Süleyman Zeynallı çıxış edərək bildirib ki, yeniyetmə və gənclərin zərərli vərdişlərə meyil göstərməsinin qarşısını almaq üçün valideyn və müəllimlər onların asudə vaxtlarının səmərəli təşkilinə diqqət yetirməli, uşaqların elmə, idmana və faydalı təlimlərə yönləndirilməsi istiqamətində davamlı iş aparmalıdırlar.
S. Zeynallı qeyd edib ki, rayon İcra Hakimiyyəti aidiyyəti təşkilatlarla, eyni zamanda hüquq-mühafizə orqanları ilə birlikdə yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir və bu tədbirlərin sağlam həyat tərzinin təbliğində, gənclərin sağlam ruhda tərbiyə olunmasında, onların zərərli vərdişlərdən uzaqlaşmasında rolu böyükdür.
Şəmkir Rayon Polis Şöbəsinin rəisi Nəvai Qasımov çıxışı zamanı narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə istiqamətində görülən işlərdən danışaraq, narkomaniya əleyhinə aparılan işlərin hər zaman diqqət mərkəzində olduğunu, bu istiqamətdə məqsədyönlü tədbirlərin həyata keçirildiyini bildirib.
Vüqar Dadaşov isə çıxışında erkən nikah probleminin bu gün də cəmiyyətimizin aktual problemlərindən biri olduğuna diqqət çəkərək, erkən nikahın qızların fiziki inkişafına və psixoloji vəziyyətinə mənfi təsir göstərməklə yanaşı, qızların təhsil almaq həvəsini və imkanlarını azaltmasından, reproduktiv sağlamlığa təhlükə yaratmasından bəhs edib.
Sonda auditoriyanı maraqlandıran suallar cavablandırılıb.
Taleh Kazımov - Kainatpress.tv internet televiziyasının bölgə müxbiri
Rəy yazın