Siyasət
Hər birimizə məlum olduğu kimi XX əsrin sonlarında dünya siyasi xəritəsində mühüm dəyişikliklər baş verdi və 1991-ci ildə Sovet Sosialist Respublikaları İttifaqının süqutu nəticəsində Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi.
18 oktyabr 1991-ci ildə qəbul edilən “Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan xalqı öz taleyini müstəqil şəkildə müəyyən etmək hüququnu yenidən həyata keçirdi.
Bu hadisə ölkənin tarixində yeni mərhələnin – müstəqil dövlət quruculuğu və demokratik inkişaf yolunun başlanğıcı oldu.
Əlbəttə ki, müstəqillik əldə etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri də hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması idi.
Elə bu səbəbdən də bu istiqamətdə atılan addımlar Azərbaycan Respublikasının siyasi, hüquqi və sosial həyatında mühüm dəyişikliklərə səbəb oldu.
Hüquqi dövlət anlayışı və onun əsas prinsipləri,
Hüquqi dövlət – dövlət hakimiyyətinin qanunla məhdudlaşdırıldığı, insan hüquq və azadlıqlarının ali dəyər kimi qəbul edildiyi idarəetmə formasıdır.
Hüquqi dövlətin əsas prinsipləri aşağıdakılardır:
Qanunun aliliyi – dövlət orqanları və vətəndaşlar qanun qarşısında bərabərdir.
Hakimiyyət bölgüsü prinsipi – qanunverici, icraedici və məhkəmə hakimiyyətləri bir-birindən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstərirlər.
İnsan hüquq və azadlıqlarının təmin olunması -
Məhkəmələrin müstəqilliyi,
Hüquqi məsuliyyət və ədalətlilik...
Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunun əsas hüquqi bazası 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasıdır.
Konstitusiyada insan hüquq və azadlıqları ali dəyər kimi təsbit edilmiş, ədalət prinsiplərinə əsaslanan hakimiyyət bölgüsü müəyyən edilmişdir...
Heç kimə sirr deyil ki,müstəqilliyin ilk illərində ölkədə siyasi və iqtisadi çətinliklər mövcud idi və yalnız Ümummilli lider Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədə dövlət quruculuğu prosesi sistemli xarakter aldı və birmənalı olaraq sabitliyin təmin olunması, hüquqi islahatların həyata keçirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atıldı.
Hazırda Azərbaycan Respublikasında hakimiyyət bölgüsü aşağıdakı şəkildə həyata keçirilir:
Qanunverici hakimiyyət – Milli Məclis
İcra hakimiyyəti – Azərbaycan Respublikasının Prezidenti və Nazirlər Kabineti,
Məhkəmə hakimiyyəti – məhkəmələr və Konstitusiya Məhkəməsi.
Ümumilikdə bu struktur hüquqi dövlətin əsas tələblərinə uyğun olaraq dövlət idarəçiliyində tarazlığı təmin edir.
Hüquqi dövlətin əsas məqsədlərindən biri bugün insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıdır.
Qeyd edək ki, Azərbaycan Respublikası bir sıra beynəlxalq təşkilatlara üzv olaraq insan hüquqları sahəsində beynəlxalq öhdəliklər götürmüşdür.
Bununla yanaşı 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv olmuşdur ki, bu da hüquqi islahatların dərinləşdirilməsinə xüsusi təkan vermişdir.
Bundan əlavə, Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) institutu yaradılmışdır ki, bu da çox müsbət bir haldır. Hansı ki, bu institut bugün vətəndaşların hüquqlarının müdafiəsi sahəsində mühüm rol oynayır.
Ümumilikdə
vətəndaş cəmiyyəti – dövlət strukturlarından kənarda fəaliyyət göstərən, vətəndaşların könüllü birlikləri və ictimai təşəbbüsləri əsasında formalaşan sosial mühitdir.
Buraya aşağıdakılar daxildir:
Qeyri-hökumət təşkilatları (QHT-lər)
Kütləvi informasiya vasitələri(KİV)
Həmkarlar ittifaqları
İctimai birliklər və fondlar.
O da qeyd olunmalıdır ki, müstəqillik əldə edəndən sonra Azərbaycanda minlərlə qeyri-hökumət təşkilatı qeydiyyatdan keçmişdir.
Hazırda onlar sosial müdafiə, ekologiya, təhsil, insan hüquqları və digər sahələrdə səmərəli fəaliyyət göstərirlər.
Qeyd etməliyik ki, bununla yanaşı kütləvi informasiya vasitələrinin inkişafı da vətəndaş cəmiyyətinin mühüm elementlərindən biridir və mətbuat azadlığı demokratik cəmiyyətin əsas göstəricilərindən biri hesab olunur.
Hüquqi dövlət və vətəndaş cəmiyyəti bir-birini tamamlayan əsas anlayışlardır.
Hüquqi dövlət vətəndaşların hüquq və azadlıqlarını təmin edir, vətəndaş cəmiyyəti isə dövlət fəaliyyətinə ictimai nəzarəti həyata keçirir.
Ümumilikdə bu qarşılıqlı əlaqə aşağıdakı nəticələrə gətirib çıxarır:
Şəffaf və hesabatlı idarəetmə
demokratik seçki mühiti
Sosial ədalətin təmin olunması
İctimai iştirakçılığın və faydalı təşəbbüskarlığın artırılmasması.
Azərbaycan Respublikasında son illərdə elektron hökumət sisteminin tətbiqi, ictimai şuraların yaradılması və açıq hökumət təşəbbüsləri bu istiqamətdə atılan ən mühüm addımlardandır.
Hazırda Azərbaycan regionda mühüm geosiyasi mövqeyə malikdir.
Dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi inkişafın təmin olunması və sosial rifahın yüksəldilməsi bugün hüquqi dövlət və vətəndaş cəmiyyətinin daha da güclənməsinə şərait yaradır.
Məhz bunun nəticəsidir ki, bugün rəqəmsal transformasiya, gənclərin ictimai fəallığının artması və beynəlxalq əməkdaşlıq imkanları nöqtəyi nəzərindən gələcək inkişaf üçün geniş perspektivlər açır.
Yuxarıda qeyd etdiyimiz kimi müstəqil Azərbaycan Respublikasında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu uzun və mərhələli bir proses olmuşdur.
1991-ci ildə müstəqilliyin bərpasından başlayaraq həyata keçirilən siyasi, hüquqi və institusional islahatlar ölkədə demokratik prinsiplərin formalaşmasına möhkəm zəmin yaratmışdır.
Hüquqi dövlətin möhkəmləndirilməsi və vətəndaş cəmiyyətinin inkişafı Azərbaycanın davamlı inkişafının əsas təminatıdır.
Heç şübhəsizdir ki, gələcəkdə də qanunun aliliyinin qorunması, insan hüquqlarının müdafiəsi və ictimai iştirakçılığın genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalacaqdır.
Eldar Məmmədov 


Rəy yazın